Özbəkistan və Azərbaycan tikinti və əczaçılıq sahələrində yeni layihələri müzakirə edir
Azərbaycan və Özbəkistan tikinti materialları, əczaçılıq, aqrar sektor və qida emalı da daxil olmaqla bir sıra yeni istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edir.
Bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri Ləziz Qüdrətov GDP-yə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq artıq energetika, dağ-mədən, toxuculuq və avtomobil sənayesi kimi sahələri əhatə edir.
“Energetika sahəsində SOCAR ilə əməkdaşlıq edirik. Özbəkistanda dağ-mədən sektorunda «AzerGold» ilə layihələrimiz var. Özbəkistanın toxuculuq şirkətləri Azərbaycana sərmayə qoyur, burada birgə avtomobil istehsalı həyata keçirilir. Eyni zamanda, əczaçılıq, tikinti materialları, aqrar sektor və qida emalı kimi yeni sahələrdən danışırıq. Perspektivlər kifayət qədər genişdir”, – L.Qüdrətov qeyd edib.
Tikinti materialları sahəsində əməkdaşlığın Qarabağı da əhatə edib-etməyəcəyi ilə bağlı suala cavab verən nazir bildirib ki, hazırda Azərbaycanda yeni layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Onun sözlərinə görə, Azərbaycan sərmayəsi hesabına Özbəkistanda tikinti materiallarının istehsalı üzrə layihələr artıq həyata keçirilib və bu istiqamətdə ikinci mərhələyə başlanılıb.
“İndi azərbaycanlı həmkarlarımızla Azərbaycanda da yeni layihələri müzakirə edirik. Söhbət tikinti materialları ilə yanaşı, inkişaf və developer layihələrindən gedir”, – nazir vurğulayıb.
L.Qüdrətov konkret layihələrin Qarabağda həyata keçiriləcəyini təsdiqləməyib.

