Dövlət satınalmalarının vahid internet portalında satınalma proseslərinin daha səmərəli və qanunvericiliyin tələblərinə uyğun təşkilinə xidmət edən yeni süni intellekt əsaslı funksiya tətbiq edilib.
GDP xəbər verir ki, yeni rəqəmsal həll portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt vasitəsilə avtomatik təhlil və yoxlanılmasına imkan verir.
Sistem ilkin mərhələdə sənədlərdəki texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyənləşdirərək onların vaxtında aradan qaldırılmasına kömək edəcək. Eyni zamanda, hər hansı təchizatçıya əsassız üstünlük verə biləcək subyektiv və məhdudlaşdırıcı tələblərin operativ aşkarlanması nəzərdə tutulur.
Yeni funksiyanın tətbiqi satınalmalarda rəqabət mühitinin qorunmasına, təchizatçıların mümkün etiraz və şikayətlərinin, həmçinin satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.
Bununla yanaşı, süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və onların əsasında hazırlanan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.
Yeni funksiyadan istifadə qaydaları ilə bağlı təlimat videosu da Dövlət satınalmalarının vahid internet portalında təqdim olunub.

