“Müasir risk funksiyası sadəcə nəzarət edən və məhdudlaşdıran funksiya deyil, biznesin inkişafına yol göstərən strateji tərəfdaşdır”.
Bunu ABB İdarə Heyətinin sədri Abbas İbrahimov Beynəlxalq Risk Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, davamlı uğura nail olmaq üçün riskləri düzgün qiymətləndirmək, onları şişirtmədən effektiv idarə etmək olduqca vacibdir.
“Biz öz təcrübəmizdə, son illərdə həyata keçirdiyimiz transformasiya proseslərində də bunun şahidi olmuşuq. Rəqəmsallaşma, sürətli inteqrasiya, yeni biznes modellərinin tətbiqi və regional bazarlara genişlənmə qarşımızda yeni imkanlar açmaqla yanaşı, risklərin idarə edilməsinə daha diqqətli və proaktiv yanaşma tələb edir”, – deyə Abbas İbrahimov vurğulayıb.
ABB sədri qeyd edib ki, müasir dövrdə risklərin idarə edilməsi yalnız mümkün təhlükələrin qarşısının alınması ilə məhdudlaşmamalı, eyni zamanda biznesin strateji inkişafına dəstək verməlidir.
Onun sözlərinə görə, Beynəlxalq Risk Forumunun əsas məqsədi risklərə ənənəvi yanaşmalardan kənarda baxmaq, beynəlxalq təcrübələri bölüşmək və gələcəyin çağırışlarına birgə hazırlaşmaqdır.
“Ümid edirəm ki, bugünkü müzakirələr hər birimiz üçün faydalı olacaq, yeni ideyalara, əməkdaşlıqlara və tərəfdaşlıqlara yol açacaq”, – deyə Abbas İbrahimov əlavə edib.

