Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində inkişaf etməkdə olan ölkələr üçün rekord həcmdə – 112 milyard ABŞ dolları məbləğində özəl kapital səfərbər edib. Azərbaycanda isə bu göstərici təxminən 100 milyon dollar təşkil edib.
Açıqlanan məlumata əsasən, Dünya Bankı Qrupunun qlobal miqyasda səfərbər etdiyi özəl kapitalın həcmi son dörd ildə üç dəfədən çox artıb. Belə ki, 2022-ci maliyyə ilində 35 milyard dollar olan göstərici 2026-cı maliyyə ilində 112 milyard dollara yüksəlib.
Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidini dəstəkləməyi hədəfləyir.
Sənəddə iki əsas prioritet müəyyən edilib: məhsuldarlığın artırılması və daha keyfiyyətli iş yerlərinin yaradılması, həmçinin iqtisadi dayanıqlılığın və davamlı inkişafın gücləndirilməsi.
Bu çərçivədə kiçik və orta sahibkarlığın inkişafı, dayanıqlı maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, Orta Dəhlizin ticarət və tranzit potensialının artırılması nəzərdə tutulur.
Bununla yanaşı, rəqəmsal infrastrukturun modernləşdirilməsi, süni intellekt kimi qabaqcıl texnologiyaların tətbiqi, bərpa olunan enerji layihələrinin genişləndirilməsi və su ehtiyatlarından səmərəli istifadə əsas istiqamətlər sırasındadır.
Dünya Bankı Qrupu Azərbaycanda özəl kapitalın səfərbər edilməsini artırmaqla iqtisadiyyatın şaxələndirilməsinə, investisiya imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına dəstək verməyi hədəfləyir.
