Azərbaycanda kiberhücumların 11%-i maliyyə sektorunu hədəfə alıb.
2025-ci ilin sentyabrından 2026-cı ilin avqustunadək Azərbaycana qarşı kiberhücumların 19%-i texnologiya, 15%-i energetika, 12%-i dövlət, 11%-i isə maliyyə sektoruna yönəlib.
GDP “Mastercard Cyber Insights” məlumatlarına istinadən xəbər verir ki, ölkə üzrə kiberhücumların hədəfləri arasında biznes sistemləri 47%-lə ön sırada yer alıb. Fiziki aktivlərin payı 16%, müştərilərin şəxsi məlumatlarının payı 10%, hüquqi sənədlərin payı 6%, əqli mülkiyyətin payı isə 5% təşkil edib.
Hücumları həyata keçirən tərəflərin bölgüsündə “Cyber Warrior” kateqoriyasına aid edilən qrupların payı 42% olub. Dövlət dəstəkli hücumçuların payı 19%, mütəşəkkil cinayətkar qrupların payı 17%, zərərli niyyətli hakerlərin payı isə 14% təşkil edib.
Maliyyə sektoru üzrə ayrıca göstəricilərə əsasən, hücumların 67%-i biznes sistemlərini və fiziki aktivləri hədəfə alıb. Bu göstəricinin 36 faiz bəndi biznes sistemlərinin, 31 faiz bəndi isə fiziki aktivlərin payına düşüb.
Maliyyə sektoruna qarşı qeydə alınan hadisələrin 43%-i “Cyber Warrior” kateqoriyasındakı qruplarla əlaqələndirilib. Sektoru hədəfləyən hücumların 26%-i zərərli proqram təminatından istifadə edilməklə həyata keçirilib. Bu hücumlar giriş məlumatlarının ələ keçirilməsi, kritik sistemlərə icazəsiz daxilolma və həssas maliyyə məlumatlarının oğurlanması riskləri yaradıb.
Məlumatlara görə, Azərbaycan Qərbi Asiyada kiberhücumların nisbətən az hədəfə aldığı ölkələrdən biridir.

