Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir.
Bunu Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi. Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi. Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğuladı.