ABB Bankın (Beynəlxalq Azərbaycan Bankı) İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankda Citi-nin Baş Müştəri Direktoru və İcraçı İdarəetmə Komandasının üzvü Devid Livinqstoun və həmkarlarını qəbul edib.
GDP xəbər verir ki, görüş zamanı qlobal bankçılıq mənzərəsi, regional imkanlar və ABB ilə Citi arasında uzunmüddətli tərəfdaşlığın daha da gücləndirilməsi yolları barədə məhsuldar müzakirələr aparılıb.
Dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Citi, ABB üçün uzun illərdir dəyərli tərəfdaşdır. Abbas İbrahimov Citi-nin göstərdiyi davamlı etimad və dəstəyi yüksək qiymətləndirdiyini bildirib və qarşıdakı illərdə əməkdaşlığı yeni sahələrdə genişləndirməyi hədəflədiklərini vurğulayıb.
İdarə Heyətinin sədri görüşə görə təşəkkürünü ifadə edərək qeyd edib: “Citi uzun illərdir ABB-nin dəyərli tərəfdaşıdır. Biz Citi-nin davamlı etimadını və dəstəyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızı yeni sahələrdə genişləndirməyi səbirsizliklə gözləyirik.”
Tərəflər gələcəkdə uğurlu tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.



