Bank Respublika AccessBank Azərbaycan-ın inteqrasiyası prosesinə dəstək göstərmək məqsədilə beynəlxalq bank sektorunda uzunillik təcrübəyə malik Durdona Kadirova ilə əməkdaşlığa başlayıb.
GDP xəbər verir ki, bu barədə Durdona Kadirova özü məlumat verib.
O bildirib ki, Bank Respublika-da inteqrasiya üzrə məsləhətçi (Integration Adviser) kimi fəaliyyətə başlayıb. Yeni vəzifəsində AccessBank Azərbaycan-ın Bank Respublika-ya inteqrasiyası prosesinə dəstək göstərəcək.
Durdona Kadirovanın sözlərinə görə, iki bankın birləşdirilməsi onların fərqli istiqamətlərdə formalaşmış güclü tərəflərini vahid strukturda cəmləşdirmək baxımından mühüm imkanlar yaradır.
O qeyd edib ki, Bank Respublika-nın korporativ bankçılıq sahəsindəki mövqeyi ilə AccessBank-ın mikro və pərakəndə bankçılıq istiqamətindəki imkanlarının birləşdirilməsi daha böyük, güclü və genişlənmə potensialına malik maliyyə institutunun formalaşmasına xidmət edə bilər.
“İki bankın bir araya gətirilməsi təkcə sistemlərin və balans hesabatlarının birləşdirilməsindən ibarət deyil. Bu proses insanların, aydın təşkilati strukturların və müştəri maraqlarının diqqət mərkəzində saxlanılmasını tələb edir”, -deyə Durdona Kadirova bildirib.
O, inteqrasiya prosesində hər iki bankın komandaları ilə birgə çalışacağını və iki maliyyə institutunun vahid, daha güclü təşkilata çevrilməsinə töhfə verməyi hədəflədiyini vurğulayıb.
Durdona Kadirova göstərilən etimada görə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılova təşəkkür edib və yaxın zamanda Bakıya ilk səfərini həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Tariyel İsmayılov da Durdona Kadirovanı komandaya qoşulması münasibətilə təbrik edib. O, mütəxəssisin təcrübəsinin inteqrasiya prosesinə əhəmiyyətli töhfə verəcəyinə, bankın daha güclü, dinamik və dayanıqlı maliyyə institutuna çevrilməsinə kömək göstərəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Durdona Kadirova bankçılıq, investisiyaların idarə edilməsi, korporativ idarəetmə, maliyyə institutlarının transformasiyası və strateji məsləhətçilik sahələrində təxminən 30 illik beynəlxalq iş təcrübəsinə malikdir.
Məlumata görə, peşəkar fəaliyyətinə 1996-cı ildə Özbəkistanın Agrobank-ında filial müdiri kimi başlayıb və 2002-ci ilədək bu vəzifədə çalışıb.
2003–2004-cü illərdə Access Microfinance Holding AG-də bank məsləhətçisi kimi Azərbaycan və Tacikistanda fəaliyyət göstərib. Bu müddətdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mikrokredit proqramları çərçivəsində tərəfdaş banklarda kreditləşmə mexanizmlərinin qurulması, əməliyyat prosedurlarının hazırlanması və əməkdaşların təlimi ilə məşğul olub.
Həmin layihələr çərçivəsində dörd tərəfdaş bankın yeddi filialında mikro və kiçik sahibkarlığın kreditləşdirilməsi bölmələrinin inkişafına dəstək göstərib. Layihənin ilkin mərhələsində 1,5 milyon ABŞ dolları həcmində kredit portfelinin və 2700 aktiv borcalanın formalaşdırılmasında iştirak edib. Eyni zamanda, 200-dən çox bank əməkdaşı üçün 20 təlim seminarı keçirib.
2005–2008-ci illərdə FINCA International təşkilatında rəhbər vəzifələrdə çalışaraq Azərbaycan, Ukrayna, Ermənistan, Gürcüstan, Kosovo, Tacikistan və digər ölkələrdə maliyyə xidmətlərinin idarə olunması istiqamətində fəaliyyət göstərib.
2009-cu ildə AYİB-də bank mütəxəssisi (Associate Banker) kimi Özbəkistanın maliyyə sektoruna yönəlmiş investisiya portfelinə nəzarət edib, ölkənin Mərkəzi Bankı, Maliyyə Nazirliyi və kommersiya bankları ilə institusional əməkdaşlıq proseslərində iştirak edib.
2012–2018-ci illərdə Gürcüstanda Crystal mikromaliyyə təşkilatının, Ermənistanda AraratBank-ın və Qazaxıstanda Arnur Credit təşkilatının müşahidə şuralarında müxtəlif vəzifələr tutub.
O, həmçinin Belçikada yerləşən Incofin Investment Management şirkətində yeddi ildən artıq fəaliyyət göstərib. 2017–2018-ci illərdə Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika üzrə regional direktor vəzifəsini icra edib. Bu dövrdə şirkətin ümumi investisiya portfelinin təxminən 40%-ni əhatə edən region üzrə investisiya strategiyasına rəhbərlik etdiyini bildirib.
2018–2022-ci illərdə Belçikanın Triamant şirkətində rəhbər komandanın üzvü, investorlarla əlaqələr və korporativ maliyyələşdirmə üzrə rəhbər, eləcə də biznes strategiyası üzrə məsləhətçi vəzifələrində çalışıb.
Durdona Kadirova 2022-ci ildən Ukraynanın Alliance Bank-ında müstəqil direktor kimi fəaliyyət göstərir. O, 2022–2024-cü illərdə Özbəkistanın Agrobank-ında da müstəqil direktor olub.
2025–2026-cı illərdə Ermənistanın Ardshinbank bankında korporativ idarəetmə üzrə məsləhətçi kimi çalışaraq bankın idarəetmə sisteminin qiymətləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və ilkin kütləvi səhm təklifinə (IPO) hazırlıq prosesində iştirak edib.
Bundan başqa, 2025-ci ilin dekabrından 2026-cı ilin mayınadək Özbəkistanın Universalbank bankında korporativ idarəetmə üzrə məsləhətçi olub. 2026-cı ilin iyunundan isə həmin bankın Müşahidə Şurasının üzvüdür.
O, eyni zamanda, European Women on Boards təşkilatının üzvü və mentorudur, Chapter Zero Uzbekistan təşəbbüsünün idarəetmə komitəsində təmsil olunur və Belçikanın Women on Board təşkilatının assosiativ üzvüdür.
Beləliklə, Durdona Kadirovanın Azərbaycan bank sektorunda əvvəlki fəaliyyəti, beynəlxalq maliyyə institutlarında rəhbər vəzifələrdə çalışması, korporativ idarəetmə və bank transformasiyası sahəsində təcrübəsi Bank Respublika ilə AccessBank-ın inteqrasiyası prosesində istifadə oluna biləcək mühüm peşəkar kompetensiyalar kimi diqqəti cəlb edir.
Müəllif:Aynur Qəniyeva

