Azərbaycan bank sektorunun sürətli inkişafı yeni çağırışlar yaradır və bu proses risklərin idarə olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini zəruri edir.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Beynəlxalq Risk Forumunda çıxışı zamanı bildirib.
Zakir Nuriyev qeyd edib ki, ölkədə həyata keçirilən pul-kredit siyasəti, Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi strateji sənədlər, bank sektorunun inkişaf strategiyası və maliyyə xidmətlərinin genişləndirilməsinə yönəlmiş təşəbbüslər sektor qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Onun sözlərinə görə, bu çağırışların öhdəsindən gəlmək üçün bank sektoru ilə Mərkəzi Bank arasında koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
ABA prezidenti çıxışında bank sektorunun əsas maliyyə göstəricilərinə də toxunub. Bildirib ki, oktyabrın 1-nə olan vəziyyətə əsasən, bank sektorunun kredit portfeli illik müqayisədə 15% artaraq 30,7 milyard manata yaxınlaşıb. Depozit portfelində də 15%-lik artım qeydə alınıb.
Zakir Nuriyev kredit portfelinin genişlənməsi fonunda problemli kreditlərin idarə olunmasının aktuallığını vurğulayıb. O bildirib ki, kredit portfelində risklərin artmasının qarşısının alınması, mümkün problemlərin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Mərkəzi Bank və maliyyə ekosisteminin digər iştirakçıları ilə birgə fəaliyyət davam etdirilir.
ABA prezidenti bank sektorunun böyüməsinin risklərin də eyni sürətlə artması kimi qiymətləndirilməsinin düzgün olmadığını diqqətə çatdırıb. Onun fikrincə, kredit portfelinin genişlənməsi iqtisadi aktivlik və sektorun inkişaf dinamikası kontekstində qiymətləndirilməlidir.
Zakir Nuriyev 2026-cı ilin tənzimləmə gündəliyinə də diqqət çəkib. O bildirib ki, vahid stress-test çərçivəsinin formalaşdırılması, bazar risklərinin idarə olunması üzrə tələblərin təkmilləşdirilməsi, IFRS 9 yanaşmalarının bank proseslərinə inteqrasiyası və Basel III standartlarına hazırlıq sektorun dayanıqlığının gücləndirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, rəqəmsallaşma və bank əməliyyatlarının həcminin artması fonunda əməliyyat risklərinin effektiv idarə olunması da prioritet istiqamətlərdən birinə çevrilir.
ABA prezidenti Beynəlxalq Risk Forumunun yeni tənzimləmə tələblərinin praktiki tətbiqinin müzakirəsi, sektor iştirakçıları arasında təcrübə mübadiləsinin genişləndirilməsi və risklərin idarə olunması sahəsində vahid yanaşmaların formalaşdırılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

