Avropa İttifaqı (Aİ) aprelin 23-də qəbul etdiyi qərarla Azərbaycana məxsus beş gəmini sanksiya siyahısından çıxarıb.
GDP xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb. Qurumdan bildirilib ki, Aİ Şurasının qərarına əsasən, ASCO-ya məxsus “Zaqatala” gəmisi, habelə ASCO və SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş məhdudiyyətlər tamamilə ləğv edilib.
“Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli qərarı ilə həmin gəmilər sanksiya siyahısından çıxarılıb”, – deyə ASCO-nun açıqlamasında qeyd olunur.
Xatırladaq ki, həmin gəmilər Avropa İttifaqı tərəfindən müxtəlif vaxtlarda tətbiq edilmiş sanksiya rejimləri çərçivəsində siyahıya salınmışdı. Qərarın hansı əsaslarla qəbul edildiyi barədə Aİ rəsmiləri hələlik əlavə açıqlama verməyib.
ASCO və SOCAR-ın birgə müəssisəsinə məxsuz olan digər gəmilərə tətbiq edilən məhdudiyyətlər isə qüvvədə qalır.

