Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
GDP xəbər verir ki, sənəd Özbəkistanın Buxara şəhərində əmanətlərin sığortalanması sistemlərinin gücləndirilməsi, maliyyə risklərinin qiymətləndirilməsi və əmanətçilərin etimadının qorunmasına həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans çərçivəsində imzalanıb.
Memorandum institusional əməkdaşlığın genişləndirilməsini, məlumat və qabaqcıl təcrübə mübadiləsini, kompensasiya mexanizmlərinin təkmilləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqini və birgə praktiki təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Konfransda ƏSF-nin icraçı direktorunun müavini Akşın Cahangirov, Hüquq departamentinin direktoru Azər Əmirov və Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Akşın Cahangirov Azərbaycanda əmanətlərin sığortalanması sisteminin formalaşması, qanunvericilik bazasının inkişafı, əmanətçilərin hüquqlarının müdafiəsi və Fondun strateji prioritetləri barədə məlumat verib.
Konfransın tematik sessiyalarında risk əsaslı sığorta mexanizmləri, sığorta ehtiyatlarının maliyyə dayanıqlığı, investisiya resurslarının idarə olunması, kompensasiya ödənişlərinin rəqəmsallaşdırılması və bankların ləğvi proseslərinin hüquqi tənzimlənməsi müzakirə edilib.
Fondun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva risklərin idarə edilməsinin əməliyyat fəaliyyətinə inteqrasiyası, investisiya portfelinin likvidlik prinsipləri əsasında idarə olunması və kompensasiya ödənişlərində rəqəmsal kanalların tətbiqi imkanlarından danışıb.
Hüquq departamentinin direktoru Azər Əmirov isə bankların ləğvi zamanı Fondun hüquqi statusu, kreditor tələblərinin müəyyənləşdirilməsi və ödənişlərin qanunvericiliklə nəzərdə tutulmuş növbəlilik əsasında həyata keçirilməsi mexanizmlərini təqdim edib.
Beynəlxalq tədbirdə həmçinin əmanətlərin sığortalanması sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, kompensasiya prosedurlarının səmərəliliyinin artırılması və maliyyə sektorunda yeni texnoloji çağırışlara uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.








