Azərbaycanda 2026-cı ilin sentyabr ayında illik inflyasiya 5,5 faiz təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,2 faiz bəndi azdır.
GDP.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb.
Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,5 faiz bahalaşıb.
Sentyabr ayında istehlak qiymətləri avqustla müqayisədə 0,9 faiz yüksəlib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə aylıq qiymət artımı 1,4 faiz təşkil edib.
Ən çox tərəvəz və yumurta bahalaşıb
Sentyabrda əvvəlki ayla müqayisədə ən yüksək qiymət artımı tərəvəzlərdə qeydə alınıb – 6,9 faiz. Yumurtanın qiyməti 5,4 faiz, ət və ət məhsullarının qiyməti 2 faiz, balıq və balıq məhsullarının qiyməti isə 1,9 faiz artıb.
Eyni dövrdə meyvələr 1,3 faiz, kərə və bitki yağları isə 0,2 faiz ucuzlaşıb.
Ayrı-ayrı məhsullar üzrə mal, qoyun və toyuq əti, kartof, soğan, pomidor, xiyar və şirin bibərin qiymətlərində artım müşahidə olunub. Alma, armud, üzüm, limon, qoz və fındığın qiymətləri isə azalıb.
Təhsil və kirayə xidmətləri də bahalaşıb
Sentyabrda qeyri-qida məhsullarının qiymətləri aylıq 0,4 faiz artıb. Geyim, mebel, noutbuk və planşet kompüterlərin qiymətlərində yüksəliş, zərgərlik məmulatlarında isə ucuzlaşma qeydə alınıb.
Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə aylıq qiymət artımı 0,6 faiz olub. Xüsusilə ali və orta ixtisas təhsili, xarici dil və abituriyent hazırlığı kursları, mənzil kirayəsi və bərbərxana xidmətləri bahalaşıb.
Bununla yanaşı, beynəlxalq hava sərnişindaşıması və malların çatdırılması xidmətlərinin qiymətlərində azalma müşahidə edilib.
Qeyd edək ki, avqust ayında illik inflyasiya 5,7 faiz, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı isə 7,2 faiz təşkil etmişdi. Sentyabrda bu göstəricilər müvafiq olaraq 5,5 və 6,9 faizə geriləyib.

