Aprelin ortalarından başlayaraq Azərbaycanda tütün əkinlərinin dövlət dəstəkli aqrar sığortası üzrə müqavilələrin imzalanmasına start verilib. Sığorta kampaniyası may ayının sonunadək davam edəcək.
Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, ölkədə 3,2 min hektar ərazidə tütün becərilir. Bunun 2,6 min hektarı ailə, fermer və kəndli təsərrüfatlarının payına düşür. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul yığılır.
Tütün əkinləri əsasən 9 rayonda cəmləşib. Ən geniş sahələr Şəki-Zaqatala regionunda yerləşir: Şəki rayonunda 1805 hektar, Qaxda 474 hektar, Zaqatalada 403 hektar, Oğuzda 177 hektar, Balakəndə 43 hektar, Qəbələdə isə 10 hektar. Digər bölgələrdən Goranboyda 180 hektar, Naxçıvan MR-ın Kəngərli rayonunda 20 hektar, Masallıda isə 15 hektar tütün sahəsi mövcuddur. Orta məhsuldarlıq hektardan 27 ton təşkil edir, ən yüksək göstərici Balakən (35 ton/hektar) və Şəkidədir (30 ton/hektar).
Sığorta şərtləri və qiyməti
Dövlət sığorta haqqının 50 faizini ödədiyi üçün fermerlər sərfəli şərtlərlə tütün sahələrini sığortalaya bilirlər. 1 hektar sahədən orta hesabla 20 ton tütün yığıldığı və kiloqramının qiymətinin 0,3 manat olduğu nəzərə alınarsa, 1 hektar məhsulun dəyəri 6 min manat təşkil edir. Şəki-Zaqatala bölgəsində bu həcmdə məhsulun çoxsaylı risklərdən sığortalanması fermerə cəmi 250-260 manata başa gəlir.
Sığorta tütün sahələrini dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi risklərdən qoruyur. Bundan əlavə, məhsul doludan keyfiyyət itkisi riskinə qarşı da sığorta olunur – dolu korladığı tütün yarpaqları əvvəlki dəyərindən təxminən 3 dəfə ucuz satılır.
Ödənişlər və müraciət
ASF indiyədək tütün sahələri üzrə fermerlərə 186 min manat sığorta ödənişi həyata keçirib. Ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib.
Ətraflı məlumat ASF-nin rəsmi saytında (asf.gov.az) “Bitkiçilik məhsulları” bölməsində, həmçinin 1651 Çağrı Mərkəzində əldə edilə bilər.

