Eldar Rasulov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
GDP xəbər verir ki,Rəsulov bu barədə sosial media hesabında məlumat verib.
Qeyd edək ki, “AzerGold” Azərbaycanın dağ-mədən sənayesində mühüm rol oynayır və qeyri-neft sektorunda aparıcı dövlət ixracatçıları sırasında yer alır. Eldar Rasulov isə bu təyinatadək müxtəlif qurumlarda media, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində zəngin təcrübə qazanıb. Belə ki, o, 2025-2026-cı illərdə World Urban Forum 13 Operational Company-də baş məzmun və media əlaqələri meneceri, 2022-2026-cı illərdə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) strateji kommunikasiya və media məsləhətçisi vəzifələrində çalışıb. Bundan başqa, Rəsulov 2021-2026-cı illərdə UNEC Research Foundation-da media və kommunikasiya eksperti, 2024-2025-ci illərdə isə COP29 Prezident Ofisində xarici media koordinatoru olub.
O, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) televiziya aparıcısı (2022-2023), Caspian International Broadcasting Company-də (CBC TV) isə aparıcı, xəbər müxbiri və jurnalist (2019-2021) kimi fəaliyyət göstərib. Rəsulov eyni zamanda Eurovision Mahnı Müsabiqəsində “Team Azerbaijan”ın mətbuat və ictimaiyyətlə əlaqələr rəhbəri olub (2021-2022). Karyerasının əvvəllərində o, EYOF Baku 2019, UEFA Avropa Liqası, Azərbaycan Qran Prisi (Baku City Circuit) və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərdə müxtəlif idarəetmə vəzifələrində təcrübə qazanıb, habelə Azərbaycan Qızıl Aypara Cəmiyyətində fond toplama koordinatoru (2018-2019) olub.

