Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.
GDP xəbər verir ki, Əliyar Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən bəhs edib. O, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə uzunmüddətli və səmərəli əməkdaşlığın ölkənin institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Toplantı çərçivəsində Seçki Qrupuna daxil olan ölkələrdə mövcud makroiqtisadi vəziyyət, inkişaf meyilləri, qarşıda duran çağırışlar, həmçinin qlobal iqtisadi proseslərin milli iqtisadiyyatlara təsiri ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, toplantıda DB və BVF-nin üzv ölkələrinin dövlət və hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

