Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycan Respublikasının Uzunmüddətli İssuer Default Reytinqlərini (IDR) “BBB-” səviyyəsində Sabit Proqnozla təsdiqləyib.
GDP-nin məlumatına görə, Agentliyin qərarında qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərinin artmasına səbəb olacaq. Fitch-in proqnozlarına əsasən, bunun nəticəsində 2026-cı ildə dövlətin xarici valyuta aktivləri 93 milyard ABŞ dollarına çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117 faizinə bərabərdir.
Məlumata görə, sözügedən vəsaitin 84 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılacaq.
Fitch Ratings həmçinin vurğulayır ki, Azərbaycanın dövlət sektorunun xalis xarici aktivləri ÜDM-in 73 faizinə çatacaq. Bu göstərici ölkəni “BBB” reytinqli dövlətlər arasında ən yüksək xalis xarici aktivlərə malik ölkə mövqeyinə yüksəldəcək.
Agentlik Azərbaycanın güclü xarici maliyyə mövqeyini, aşağı dövlət borcunu və böyük suveren aktivlərini ölkənin kredit reytinqini dəstəkləyən əsas amillər kimi qiymətləndirir.

