“Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bildirib ki, sahibkarlıq iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. Onun sözlərinə görə, bank hazırda Birbank Biznes platforması üzərindən 214 minə yaxın sahibkara xidmət göstərir.
Hidayətzadə qeyd edib ki, son illər təqdim edilən rəqəmsal həllər sahibkarların bank xidmətlərindən istifadə vərdişlərini ciddi şəkildə dəyişib: “Bu gün müştərilərimizin 91 faizi hesablarını məsafədən açır, ödəniş və köçürmələrin 98 faizi isə onlayn həyata keçirilir”.
O vurğulayıb ki, əldə olunan inkişafın arxasında yalnız texnologiya deyil, sahibkarlarla qurulan davamlı münasibətlər, onların ehtiyaclarına uyğun təqdim olunan həllər və şəxsi inkişaflarını dəstəkləyən layihələr dayanır.
Fərid Hidayətzadə Sahibkarlar Günü münasibətilə bütün tərəfdaşları təbrik edib və Kapital Banka göstərdikləri etimada görə onlara təşəkkürünü bildirib.
Müəllif: Aynur Qəniyeva

