Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun Tailandın paytaxtı Banqkok şəhərində keçirilən İllik Toplantılarında iştirak edir.
GDP.az xəbər verir ki, oktyabrın 12-də başlayan və 18-dək davam edəcək toplantılarda Azərbaycanı maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Səfər çərçivəsində Azərbaycan nümayəndələrinin plenar iclaslarda və digər tədbirlərdə iştirakı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Toplantıların əsas gündəliyini qlobal iqtisadiyyatın inkişaf perspektivləri, beynəlxalq maliyyə bazarlarının mövcud vəziyyəti və maliyyə sabitliyinin qorunması məsələləri təşkil edir.
Müzakirələrdə geosiyasi gərginliklərin və Yaxın Şərqdə davam edən müharibənin dünya iqtisadiyyatına təsiri, qlobal dövlət borcunun artması, borc dayanıqlığı ilə bağlı risklər və enerji qiymətlərinin inflyasiyaya təsiri xüsusi yer tutur.
Bununla yanaşı, süni intellektin iqtisadiyyat və məşğulluğa təsiri, investisiya və inkişaf layihələrinin maliyyələşdirilməsinə özəl kapitalın cəlb olunması, infrastrukturun inkişafı, iqtisadi artımın sürətləndirilməsi və yeni iş yerlərinin yaradılması da müzakirə ediləcək.
Toplantılar çərçivəsində qlobal iqtisadi çağırışların həlli və beynəlxalq maliyyə əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

