Bakıda memarlıq və dizayn sahəsində müasir yanaşmalar, layihələrin effektiv idarə olunması və funksional məkanların yaradılması ilə bağlı aktual məsələlər müzakirə edilib.
1home-un ofisində keçirilən görüşdə beynəlxalq platformalarda Azərbaycanı təmsil edən memar Aytac İmanova, 1home-un təsisçisi Nigar Babayeva Hacıyeva və media nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi memarlıq və dizayn sahəsində mövcud tendensiyaları müzakirə etmək, peşəkar təcrübə mübadiləsi aparmaq və layihələrin həyata keçirilməsində qarşıya çıxan çağırışlara fərqli baxış bucaqlarından yanaşmaq olub.
Müzakirələr zamanı müasir memarlıqda estetik görünüşlə funksionallıq arasında balansın qorunması, layihələrin düzgün planlaşdırılması, büdcənin səmərəli idarə edilməsi və məkanların istifadəçilərin ehtiyaclarına uyğun layihələndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Beynəlxalq təcrübəyə malik memar Aytac İmanova müasir memarlıq və dizayn yanaşmaları ilə bağlı fikirlərini bölüşüb. O, memarlıq layihələrində yaradıcı həllərin praktik tələblərlə uzlaşdırılmasının əhəmiyyətinə toxunub.
1home-un təsisçisi Nigar Babayeva Hacıyeva isə layihələrin idarə olunması, planlaşdırma prosesində düzgün qərarların qəbul edilməsi və büdcə imkanlarının nəzərə alınması kimi məsələlər ətrafında təcrübəsini iştirakçılarla bölüşüb.
Görüşdə vurğulanıb ki, müasir memarlıq yalnız estetik görünüşün formalaşdırılması ilə məhdudlaşmır. Uğurlu layihənin ərsəyə gəlməsi üçün məkanın funksionallığı, istifadə rahatlığı, maliyyə resurslarının düzgün bölüşdürülməsi və layihənin bütün mərhələlərinin əlaqələndirilmiş şəkildə idarə olunması mühüm əhəmiyyət daşıyır.
Jurnalistlərin də qatıldığı tədbir interaktiv müzakirə formatında davam edib. Media nümayəndələri memarlıq və dizayn sektorunda müşahidə olunan yeniliklər, müasir layihələndirmə prinsipləri və sahənin inkişaf perspektivləri barədə mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Görüş, eyni zamanda, memarlıq və dizayn sahəsinin peşəkarları ilə media nümayəndələri arasında yeni əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Bu cür təşəbbüslərin memarlıq və dizayn sahəsində peşəkar dialoqun gücləndirilməsinə, beynəlxalq təcrübənin paylaşılmasına və sahənin aktual məsələlərinin ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına töhfə verəcəyi gözlənilir.

