Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında uzunmüddətli tərəfdaşlıq ölkə üçün xüsusi əhəmiyyət daşıyır.
GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AİİB-in Qətərin paytaxtı Dohada keçirilən 11-ci İllik Toplantısının açılış mərasimi ilə bağlı paylaşımında bildirib.
Nazirin sözlərinə görə, tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərinə iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat, enerji və rəqəmsal infrastruktura investisiyaların cəlb edilməsi daxildir.
Mikayıl Cabbarov qeyd edib ki, illik toplantı çərçivəsində aparılan müzakirə və fikir mübadilələrinin dayanıqlı inkişafın təşviqinə, investisiya əməkdaşlığının genişləndirilməsinə və regional bağlantıların gücləndirilməsinə əlavə töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankının 11-ci İllik Toplantısı Qətərin ev sahibliyi ilə Dohada keçirilir.


