İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) 2026-cı ilin yanvar-mart aylarında radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə hüquqi və fiziki şəxslərdən 226 müraciət daxil olub.
Agentlikdən verilən GDP -yə verilən məlumata görə, daxil olmuş müraciətlər üzrə ümumilikdə 7 694 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun tədbirlər görülüb. Baxılmış müraciətlər əsasında 2 522 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib, 83 ədəd avadanlığa isə icazə verilməyib. İmtina edilən hallarda müraciət sahiblərinə çatışmazlıqlar ətraflı izah edilib.
Bildirilib ki, 3 müraciət üzrə icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, 5 091 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb olunmur – bu barədə müraciətçilər və aidiyyəti orqanlar məlumatlandırılıb.
Eyni zamanda, 3 hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 157 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğvi barədə qərar qəbul edilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib. Həmçinin, 2026-cı ilin yanvar-mart aylarında sürətli poçt xidməti üçün 50 müraciət üzrə sənədlər qiymətləndirilib. Nəticədə 45 ünvanda sürətli poçt xidmətinin göstərilməsinə müsbət cavab verilib, 5 müraciətə isə müsbət rəy verilməyib.
İKTA telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurum kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

