OPEC-in baş katibi Heysəm əl-Qeys bildirib ki, 2026-cı ildə dənizlə daşınma və sığorta xərcləri əhəmiyyətli dərəcədə artaraq xam neftin dəyərinin üçdə birini ötüb.
GDP OPEC-in açıqlamasına istinadən xəbər verir ki, əl-Qeys bu barədə noyabrın 4-də Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Enerji Forumu (IEF) və OPEC-in birgə keçirdiyi onlayn seminarda danışıb. Tədbirdə dəniz yolu ilə enerji nəqlinin təhlükəsizliyi, daşınma və sığorta xərcləri, eləcə də bu amillərin bazar sabitliyinə təsiri müzakirə olunub.
Əl-Qeysin sözlərinə görə, daşınma və risklərlə bağlı xərclərin artması neft və enerji sektorlarında bütün dəyər zəncirinə yayılıb. Bu, həm istehsalçı, həm də istehlakçı ölkələrin iqtisadiyyatlarına yükü artırıb və qlobal inflyasiyaya əlavə təzyiq yaradıb.
IEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, enerji bazarları neft və qazın hasilatına və daşınmasına təsir edən görünməmiş miqyasda böhranla üzləşib. O, dənizdə gəmiçilik azadlığının qorunmasının qlobal enerji təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
IEF-in baş katibi Casim Əl-Şiravi isə qeyd edib ki, dəniz daşımalarında fasilələr enerji, ərzaq və nəqliyyat xərclərini təsirə məruz qalan regiondan kənarda da artıra bilər. Onun sözlərinə görə, bu artımın ən ağır nəticələrini həssas əhali qrupları hiss edir.
Seminar oktyabrın 12-də Ər-Riyadda keçirilən Əməkdaşlıq Bəyannaməsi iştirakçılarının nazirlər səviyyəsində məsləhətləşməsində irəli sürülən müraciət əsasında təşkil olunub. Həmin görüşdə nazirlər enerji təchizatının fasiləsizliyinin vacibliyini vurğulayıb, daşınma və sığorta xərclərinin yüksək olmasından narahatlıqlarını bildiriblər.

