Azərbaycanda kriptotexnologiyaların inkişafı, tənzimlənməsi və sertifikatlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın qurulması üçün yeni təşəbbüs irəli sürülüb.
GDP xəbər verir ki, bunu “BMG International” şirkətinin təsisçisi və Baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə “Enterprise Azerbaijan” portalının “Demo Day” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində spikerlərdən biri olan Nikolas Kandelaki ilə Azərbaycanda kriptotexnologiyaların inkişafı, tənzimlənməsi və sertifikatlaşdırılması sahəsində əməkdaşlığın başlanmasına dair memorandum imzalanıb.
O.Məmmədzadə qeyd edib ki, əməkdaşlığın “BMG International” şirkəti vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Şirkət rəhbəri bu təşəbbüsü həm şirkət, həm də Azərbaycan üçün əhəmiyyətli başlanğıc kimi qiymətləndirib.
O, həmçinin startapların inkişafında real biznes nümayəndələri ilə birbaşa əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
“Əsas məqsədimiz hər bir startapın inkişaf etdirilməsi və daha da gücləndirilməsidir. Startap layihələrinin real biznesə çevrilməsi üçün bu sahədə təcrübəsi olan şəxslərlə B2B görüşlərin təşkili və təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır”, – deyə O.Məmmədzadə bildirib.
Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və fond tərəfindən bu istiqamətdə oxşar tədbirlərin təşkili nəzərdə tutulur.
Şirkət rəhbəri bildirib ki, startapların real biznes mühiti ilə əlaqələndirilməsi layihələrə marağın artmasına və onların kommersiyalaşdırılması imkanlarının genişlənməsinə şərait yarada bilər.

