Bu gün Azərbaycanın paytaxtında “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti iclası başlayıb.
“GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında məlumat bölşüb.
Bildirib ki, toplantıda qardaş ölkələrin mərkəzi bank rəhbərləri və Türk Dövlətləri Təşkilatının Baş katibi iştirak edir.
Mərkəzi Bank sədri Taleh Kazımov qonaqları salamlayaraq, onları Bakıda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib. O, türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə rəhbərlik etdiyi qurumlar arasında dialoq və təcrübə mübadiləsinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Kazımov əlavə edib ki, bu toplantı Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla, regionda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcək.
Toplantıda türk dövlətlərinin mərkəzi bankları arasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq maliyyə layihələri və iqtisadi inteqrasiya məsələlərinin müzakirə olunacağı gözlənilir.




