Bu gün “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov açıq bankçılıq xidmətinin mahiyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Rüstəmov bildirib ki, açıq bankçılıq xidmətinin kökü bir qədər Avropa Birliyinə dayanır və Avropa Birliyinin müvafiq direktivlərindən qaynaqlanır. O qeyd edib ki, açıq bankçılıq ekosistemə iki yeni xidmət – hesab üzrə məlumat xidməti və vasitəçilik xidmətini gətirir.
Ekspertin sözlərinə görə, bu xidmət özü-özlüyündə ekosistemdə rəqəmsal platformalaşmanın dərinləşməsi baxımından çox mühüm rol oynayır. Məhz rəqəmsal platformalara sahib olan finteklər, banklar və digər ödəniş təşkilatları qarşılıqlı əlaqələrini bu əsasa dərinləşdirə bilərlər. O vurğulayıb ki, burada şərtlərdən biri də məhz rəqəmsal platformanın formalaşdırılmasıdır.
Tamerlan Rüstəmov izah edib ki, rəqəmsal platforma dedikdə bankların mobil tətbiqi, finteklərin mobil tətbiqi və ya internet veb-portallar üzərindən qurulmuş şəxsi kabinetlər nəzərdə tutulur və bu sahədə fərqli yanaşmalar mövcuddur. Onun fikrincə, hazırkı qaydalardan ən çox fintech şirkətləri və startaplar daha effektiv yararlana biləcək, çünki onlar təkcə bankların və finteklərin mobil tətbiqindən asılı deyillər.
Rüstəmov gündəlik həyatdan nümunə çəkib: “Təsəvvür edin ki, ‘Libraf’ı açmısınız, kitab almaq istəyirsiniz, amma kart məlumatı yazmalısınız. Amma baxırsınız ki, ‘Libraf’ın ya Pasa Bankla, ya Kapital Bankla, ya başqa bir bankla inteqrasiyası var və yaxud da United Payment-lə inteqrasiyası var. Elə dərhal həmin platforma üzərindən ödənişinizi edirsiniz.”
O, xidmətin mahiyyətinin təkcə bankın mobil tətbiqində fokuslaşmadığını vurğulayıb. Eyni zamanda, həmin xidməti göstərən təsərrüfat subyektlərinin müvafiq qeydiyyat və lisenziya prosesindən keçməli olduğunu qeyd edib. Rüstəmov əlavə edib ki, bu proses nə qədər sadələşsə, həmin xidmətin genişlənməsi və istifadə effektivliyinin artmasının şahidi olacağıq.

