PAŞA Bank ASC 2025-ci ilin maliyyə nəticələrinə əsasən səhmdarlara ümumilikdə 107 milyon manat həcmində dividend ödənişi həyata keçirəcək. Bankın 18 iyun 2026-cı il tarixli Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, ödəniş iki mərhələdə aparılacaq.
Birinci mərhələdə səhmdarlara 53 521 500,00 manat dividend köçürüləcək. Ödəniş hüququ 8 iyul 2026-cı il saat 18:00-a Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən aparılan səhmdarlar reyestrində qeyd olunan şəxslərə məxsusdur. Bank səhmlərinin BFB-də ticarət qaydalarını nəzərə alaraq, həmin reyestrdə 7 iyul 2026-cı il saat 16:30-dək bağlanmış alqı-satqı əqdləri üzrə yeni səhmdarlar da nəzərə alınacaq. Dividendlərin birinci hissəsinin yatırılması 10 iyul 2026-cı il tarixində MDM vasitəsilə investorların bank hesablarına ediləcək.
İkinci hissənin ödənişi isə 2026-cı ilin oktyabr ayında nəzərdə tutulub.
Vergi məsələlərinə gəlincə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, tənzimlənən bazarda kütləvi təklif olunmuş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci ilədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu səbəbdən ödəniş zamanı 5% məbləğində ödəmə mənbəyində vergi tutulmayacaq və fiziki şəxs investorlara vəsait tam həcmdə ödəniləcək. Bank qeyd edib ki, IPO zamanı səhmləri əldə edən bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər şərtlərlə dividend hüququna malikdirlər.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin ilkin kütləvi təklifi (IPO) 19 iyun 2026-cı ildə uğurla başa çatıb. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, təqribən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon manat həcmində sifarişlə nəticələnib. Bank qeyd edir ki, təklif investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına mühüm təkan verib.
Müəllif:Aynur Qəniyeva
