Unibank-da hazırda şirkət daxilində genişmiqyaslı transformasiya prosesi həyata keçirilir.
GDP xəbər verir ki, bu barədə bankın Baş Biznes Direktoru İlkin Quliyev məlumat verib.
Onun sözlərinə görə, transformasiya çərçivəsində bankın prosesləri, filial şəbəkəsi, müştəri təcrübəsi, məhsulları, xidmət modelləri və ümumi inkişaf vizyonu yenilənir.
İlkin Quliyev qeyd edib ki, bu prosesin ən vacib tərəflərindən biri komandanın inkişafıdır. O bildirib ki, dəyişiklik agenti kimi başlayan əməkdaşların zamanla dəyişiklik liderlərinə çevrilməsi təşkilat üçün xüsusi əhəmiyyət daşıyır.
Rəhbər şəxs vurğulayıb ki, bank sektorunda uğurlu transformasiya üçün yalnız aydın strategiya və strukturlaşdırılmış plan kifayət etmir. Onun fikrincə, əsas uğur amillərindən biri kollektiv sahiblik hissi və məsuliyyət paylaşımıdır.
İlkin Quliyev əlavə edib ki, hər bir əməkdaş hansı dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin niyə vacib olduğunu, son nəticənin nə olacağını və prosesdə öz rolunu aydın şəkildə başa düşməlidir.
O, transformasiyanın yalnız strategiya ilə deyil, ona inanan və onu həyata keçirən insanlar vasitəsilə mümkün olduğunu bildirib.

