Azərbaycanda innovativ layihələrin və startapların inkişafına, eləcə də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin maliyyələşdirilməsinə dəstək göstərilməsinə hazırlıq ifadə olunub.
GDP xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev “Enterprise Azerbaijan” portalının “Demo Day” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə bu cür tədbirlərin keçirilməsi innovasiya və sahibkarlıq mühitinin inkişafı, yeni təşəbbüslərin reallaşdırılması və mövcud imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Z.Nuriyev qeyd edib ki, belə platformalar ölkənin mövcud potensialından daha səmərəli istifadə edilməsinə və növbəti inkişaf mərhələsinə keçid üçün əlverişli şəraitin formalaşmasına imkan yaradır.
O, həmçinin Milli Məclis tərəfindən cari ildə qəbul edilmiş qanunların yaratdığı imkanlara diqqət çəkib.
“İnanıram ki, növbəti illərdə bu tədbirlərin nəticələrini qiymətləndirərkən Milli Məclisin bu il qəbul etdiyi qanunların yaratdığı imkan və şəraitdən istifadə etməklə mövcud vəziyyətimizin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail ola biləcəyik”, – deyə Z.Nuriyev bildirib.
Azərbaycan Banklar Assosiasiyasının rəhbəri tədbirdə qalib gələn layihələrin müəlliflərini təbrik edərək onların gələcək fəaliyyətinə uğurlar arzulayıb.
“Bugünkü qaliblərin hər birinə uğurlar arzulayıram və bu cür layihələrin maliyyələşdirilməsinə dəstək verməyə hazır olduğumuzu bir daha bəyan etmək istəyirəm”, – deyə Zakir Nuriyev vurğulayıb.

