COP29 çərçivəsində təşkil olunan “Sudan effektiv istifadə” mövzusunda panel müzakirəsində GİLTEX-in rəhbəri Kamran Ağası şirkətin ekoloji siyasəti və dayanıqlı inkişaf strategiyası barədə məlumat verib.
Onun sözlərinə görə, su məsələsi və enerji səmərəliliyi şirkətin gündəliyində duran iki əsas məsələdir. Hazırda şirkət öz su təmizləmə qurğusunu qurmaq üçün müvafiq şirkətlərlə fəal müzakirələr aparır.”Məqsədimiz sıfır tullantı səviyyəsinə çatmaqdır. Bu, əslində fantastik bir nailiyyət olacaq. Bununla yanaşı, karbon əsaslı məsələləri və problemli məqamları müəyyən etmək üçün əsas məlumat bazası üzərində işləyirik”, – deyə K.Ağası bildirib.
GİLTEX rəhbəri qeyd edib ki, şirkət ekoloji məhsulların istehsalına xüsusi diqqət yetirir. Belə ki, emal prosesindən keçməyən yeni nəsil parça materialının istehsalı üçün tərəfdaşlarla müzakirələr aparılır.”Daha ekoloji məhsulların istehsalına keçid həm də səmərəli su istifadəsinə doğru bir addımdır. Biz başa düşürük ki, qiymətlərin artma tendensiyası var və bu sahədə təkcə regional deyil, qlobal səviyyədə də ən yaxşı olmağa çalışırıq”, – deyə o əlavə edib.