Müasir dövrdə risklərin idarə edilməsi yalnız maliyyə institutlarının dayanıqlılığını təmin edən nəzarət mexanizmi deyil, həm də strateji qərarların keyfiyyətini formalaşdıran mühüm funksiyaya çevrilməlidir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının nümayəndəsi ABB-nin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Risk Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan bank sektoru risklərin ölçülməsi, qiymətləndirilməsi və idarə olunması istiqamətində müasir metodologiyalara və dayanıqlı idarəetmə çərçivələrinə malikdir.
Bildirilib ki, 2026-cı ilin ilk səkkiz ayında bank sektorunun məcmu kapitalı 4,7% artıb. Sektor üzrə kapital adekvatlığı göstəricisi 17,3%, likvidliyin örtülmə əmsalı isə 160% təşkil edib. Bu göstəricilər Mərkəzi Bankın müəyyən etdiyi minimum prudensial tələbləri üstələyir.
Mərkəzi Bankın nümayəndəsi vurğulayıb ki, geosiyasi gərginliklər, makroiqtisadi qeyri-müəyyənliklər, süni intellektin inkişafı, kiber təhdidlər və maliyyə cinayətləri risklərin idarə edilməsinə yeni yanaşmalar tələb edir.
Qeyd olunub ki, müasir risklər artıq bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqəli formada meydana çıxır və bəzi hallarda ənənəvi risk kateqoriyalarının sərhədlərini aşır.
Bu baxımdan risk menecmentinin yalnız nəzarət funksiyasından çıxaraq strateji qərarların qəbulunu dəstəkləyən, biznesin inkişafına töhfə verən və təşkilatların uzunmüddətli dayanıqlılığını gücləndirən funksiyaya çevrilməsi vacib hesab olunur.
Çıxışda süni intellekt əsaslı qərarvermə mexanizmlərinin məsuliyyətli tətbiqi, məlumat və analitik imkanlardan səmərəli istifadə, kiber təhlükəsizliyin gücləndirilməsi və risk mədəniyyətinin maliyyə institutlarının bütün səviyyələrində formalaşdırılması xüsusi vurğulanıb.
Eyni zamanda bildirilib ki, Mərkəzi Bank tərəfindən makroprudensial siyasət çərçivəsi, risk əsaslı nəzarət yanaşmaları, nəzarət texnologiyaları və dayanıqlı maliyyə üzrə yol xəritələri istiqamətində mühüm təşəbbüslər həyata keçirilir.
İnnovativ maliyyə həllərinin nəzarət olunan mühitdə sınaqdan keçirilməsinə imkan yaradan xüsusi tənzimləmə rejiminin — “sandbox” mexanizminin də yeni texnologiyalardan irəli gələn risklərin idarə olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Forumda həmçinin virtual aktivlər, model riskləri, rəqəmsal maliyyə xidmətləri, kibertəhlükəsizlik və sosial medianın əmanətçi davranışlarına təsiri kimi aktual məsələlərin müzakirəsinin əhəmiyyəti qeyd edilib.
Sonda vurğulanıb ki, Beynəlxalq Risk Forumu qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, maliyyə sektorunda risk idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və gələcək tənzimləyici təşəbbüslərin formalaşdırılması baxımından mühüm platformadır.

