GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilib.
Məlumata əsasən, 2026-cı ilin əvvəlindən bank sektorunda struktur likvidlik profisiti əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbi Mərkəzi Bankın valyuta alışları və həmin alışlar müqabilində dövriyyəyə buraxılan vəsaitlərin əsasən fiskal kanallar vasitəsilə iqtisadiyyata ötürülməsi olub.
Likvidliyin artması fonunda AZIR faiz dərəcəsi müəyyən qədər azalmağa meyil göstərib.
Belə ki, AZIR üzrə orta günlük faiz göstəricisi 2026-cı ilin avqust ayında 6,31%, sentyabrda 5,93%, oktyabrda isə 6,03% təşkil edib.
Bununla yanaşı, 2026-cı ilin ilk doqquz ayında AZIR indeksinin Mərkəzi Bankın uçot faiz dərəcəsindən orta kənarlaşması 0,14 faiz bəndi səviyyəsində olub.
Mərkəzi Bankın məlumatına görə, pul siyasəti alətlərinin, xüsusilə 7 günlük depozit əməliyyatlarının tətbiqi nəticəsində banklararası təminatsız pul bazarında qısamüddətli faiz dərəcələrinin AMB-nin müəyyən etdiyi faiz dəhlizi daxilində formalaşması təmin edilib.

