Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq Hörmüz boğazının bağlanması ilə əlaqədar İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
GDP xəbər verir ki,bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
Kallas bildirib ki, görüş zamanı nazirlər İranın Hörmüz boğazını bağlamaq istiqamətində atdığı addımları qəbuledilməz hesab etdiklərini bəyan ediblər. Onun sözlərinə görə, buna cavab olaraq Aİ üzv dövlətləri boğazın bağlanmasında iştirak edən İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların tətbiqini təsdiqləyiblər.
Aİ rəsmisi vurğulayıb ki, bu, Avropa İttifaqının beynəlxalq gəmiçilik azadlığına qarşı yönəlmiş fəaliyyətlərə görə ilk dəfə sanksiya tətbiq etməsidir.
Kaya Kallas əlavə edib ki, Avropa İttifaqı dəniz nəqliyyatının təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının açıq saxlanılması prinsipinə sadiqdir və bu istiqamətdə zəruri tədbirləri davam etdirəcək.

