2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 115 milyard 930,5 milyon manat təşkil edib. Ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7% artıb.
GDP Dövlət Statistika Komitəsinin 11 noyabr 2026-cı il tarixində açıqladığı əsas makroiqtisadi göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektorunda 2,9% artım, neft-qaz sektorunda isə 0,9% azalma qeydə alınıb.
Yanvar–oktyabr aylarında qeyri-neft-qaz sektorunda yaradılan ÜDM-in həcmi 80 milyard 701,4 milyon manat, neft-qaz sektorunda isə 35 milyard 229,1 milyon manat təşkil edib. Beləliklə, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olub.
Hesabat dövründə sənaye məhsulunun həcmi 58 milyard 539,6 milyon manat təşkil edib. Sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalıb. Bununla belə, qeyri-neft-qaz sənayesində 4,8% artım qeydə alınıb.
Kənd təsərrüfatında istehsalın həcmi 13 milyard 123,3 milyon manata çatıb və real ifadədə 1,4% artıb.
Ən yüksək artım göstəricilərindən biri nəqliyyat və anbar təsərrüfatı xidmətlərində müşahidə olunub. Bu sahədə xidmətlərin həcmi 14 milyard 288,8 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% artıb.
İnformasiya və rabitə xidmətlərinin həcmi isə 3 milyard 639,6 milyon manata yüksəlib. Sektor üzrə real artım 9,9% olub.
Pərakəndə ticarət dövriyyəsi 57 milyard 523,4 milyon manat təşkil edərək 3,8% artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 16 milyard 519,8 milyon manata çatıb. İnvestisiyalar real ifadədə 9,7%, o cümlədən qeyri-neft-qaz sektoruna investisiyalar 2,3% artıb.
Dövlət maliyyəsi göstəricilərinə əsasən, 2026-cı ilin yanvar–oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat, xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib. Nəticədə dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit yaranıb.
31 oktyabr 2026-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artıb.
Xarici dövlət borcu isə 4 milyard 481,2 milyon ABŞ dolları olub və illik müqayisədə 7,7% azalıb.
İqtisadiyyata kredit qoyuluşları 35 milyard 739,4 milyon manata yüksələrək 15,1%, fiziki şəxslərin banklardakı əmanətləri isə 18 milyard 840,2 milyon manata çataraq 19,3% artıb.
Əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9% artım deməkdir.
2026-cı ilin yanvar–sentyabr aylarında orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub və illik müqayisədə 7,8% artıb.
Yanvar–oktyabr aylarında istehlak qiymətləri indeksi üzrə illik inflyasiya 5,6% təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk on ayında Azərbaycan iqtisadiyyatında müsbət artım dinamikası qorunub.Qeyri-neft-qaz sektorunda, nəqliyyat və anbar təsərrüfatında, informasiya və rabitə xidmətlərində, eləcə də kredit və əmanət göstəricilərində artım müşahidə edilib. Bununla yanaşı, neft-qaz sektorunda və ümumi sənaye istehsalında azalma iqtisadiyyatın ayrı-ayrı sahələrində fərqli inkişaf meyill⁵ərinin davam etdiyini göstərir.

