SOCAR ilə “Comstock” şirkəti arasında ümumi dəyəri 1,65 milyard ABŞ dolları olan yekun alqı-satqı müqaviləsi imzalanıb.
GDP SOCAR-ın məlumatına istinadən xəbər verir ki, noyabrın 4-də imzalanan müqavilə “Legacy Haynesville” layihəsinin kəşfiyyat və hasilat aktivlərində 20 faizlik, “Western Haynesville” layihəsinin müvafiq aktivlərində isə 15 faizlik iştirak payının alınmasını nəzərdə tutur.
Bundan əlavə, SOCAR “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizini əldə edəcək. Paylar əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan alınır.
Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.
SOCAR-ın “Western Haynesville” layihəsindəki iştirak payı beş il keçdikdən və şirkət həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.
Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib. Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarının razılıqlarının alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası davam etdirilir.

