Almaniyanın avtomobil nəhəngi Volkswagen dünya üzrə istehsalını ildə 3 milyon avtomobil azaltmağı planlaşdırır.
GDP xəbər verir ki, şirkətin baş direktoru Oliver Blume “Manager Magazin” jurnalına verdiyi müsahibədə sərt qənaət kursu elan edərək, artım proqnozlarından imtina edib.
Blume son üç ildə dünyanın köklü şəkildə dəyişdiyini vurğulayaraq, mövcud bazar və rəqabət şəraitində istehsal həcmlərinin planlaşdırılmasının real olmadığını bildirib.
Artıq Çində istehsal gücü 1 milyon avtomobil azaldılıb. Avropada, xüsusilə Volkswagen və Audi markaları üzrə 2028-ci ilə qədər ildə əlavə 1 milyon avtomobilin istehsaldan çıxarılması nəzərdə tutulur. Blume qeyd edib ki, beləliklə, şirkət ümumi istehsal gücünü 12 milyondan ildə 9 milyon avtomobil səviyyəsinə endirəcək.
İxtisar dalğası təxminən 50 min iş yerini təhlükə altına qoyur. Bunun təxminən 35 mini Almaniyaya aiddir. Artıq Volkswagen, Audi, Porsche və proqram təminatı şirkəti Cariad daxilində 30 min əməkdaş sosial kompensasiya razılaşmaları əldə edib.

