Asəf Hüseynov Akif oğlu PAŞA Maliyyə Holdinqinin İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə və Risk Direktoru təyin edilib.
GDP xəbər verir ki, o, bu barədə 9 mart 2026-cı il tarixində sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni təyinatından qürur və həyəcan hissi keçirdiyini bildirən Asəf Hüseynov PAŞA Maliyyə Holdinqinin bank, sığorta və digər maliyyə xidmətləri sahələrində güclü və dayanıqlı maliyyə ekosistemi qurmaqda davam etdiyini vurğulayıb.
“Məqsədimiz, iqtisadi inkişafı dəstəkləyən, müştərilərimiz, tərəfdaşlarımız və cəmiyyətlər üçün uzunmüddətli dəyər yaradan, yaxşı kapitallaşmış və gələcəyə hesablanmış maliyyə qrupu olmaqdır”, – deyə o qeyd edib.
Asəf Hüseynov daha əvvəl, 26 avqust 2025-ci il tarixində “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına üzv seçilmişdi. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə təyin edilən Asəf Hüseynov o dövrdə ana şirkət “PAŞA Holdinqi”nin baş risk inzibatçısı vəzifəsində çalışırdı (2021-ci ilin may ayından).
Onun peşəkar təcrübəsi zəngindir. O, 2015-2017-ci illərdə “Unibank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2019-2021-ci illərdə isə “PAŞA Bank Gürcüstan”ın Direktorlar Şurasının üzvü vəzifələrində çalışıb.
Müəllif:Aynur Qəniyeva

