Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının təqdimat mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub.
GDP xəbər verir ki, tədbirdə universitetin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini vurğulayıb, Azərbaycan iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğunun sistemli təhlil edildiyini qeyd ediblər. Bildirilib ki, əsər ümumi nəzəri yanaşmadan fərqli olaraq, yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.
Kitab investorlara müxtəlif sektorlar (sənaye, aqrar sahə, turizm, logistika, informasiya texnologiyaları, enerji) üzrə investisiya imkanlarını, dövlət dəstəyi mexanizmlərini və sərmayələrin perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir. Xüsusi olaraq, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi vurğulanıb.
Makro-iqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanlarına dair analitik yanaşmaları ilə əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.





