PAŞA Qrupa daxil olan sığorta, bank, rəqəmsal və texnologiya şirkətləri bu gün Azərbaycanda 5 milyondan çox insana və 70 min biznesə xidmət göstərir.
GDP xəbər verir ki, bunu “PAŞA Financial Holding”in baş icraçı direktoru Fərid Məmmədov “PAŞA Holding”in 20 illiyi münasibətilə bildirib.
O qeyd edib ki, Qrup ötən illər ərzində fəaliyyətini genişləndirərək sığorta və bankçılıqdan rəqəmsal və texnologiya sahələrinə qədər inkişaf edib. “PAŞA Financial Holding” isə maliyyə və texnologiyanı müştərilər üçün bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində çalışır.
Fərid Məmmədov holdinqin inkişafında əməkdaşların rolunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və onun hüdudlarından kənarda uzunmüddətli dəyər yaratmağa çalışan insanlar Qrupu xüsusi edən əsas amildir.
O, səhmdarlara strateji baxışları və etimadları, Mir Camal Paşayevə və Cəlal Qasımova isə rəhbərlik və dəstəklərinə görə təşəkkür edib.
Fərid Məmmədov PAŞA Qrupun 23 mindən çox əməkdaşını təbrik edərək yubileyin həm hazırkı kollektivə, həm də son 20 ildə Qrupun inkişafında iştirak etmiş hər kəsə aid olduğunu bildirib.

