GDP -yə açıqlamsında “PAŞA Maliyyə Holdinqi”nin Baş icraçı direktoru Fərid Məmmədov kapital bazarında canlanmanın artması üçün yeni maliyyə alətlərinə ehtiyac olduğunu bildirib.
O qeyd edib ki, bu gün Bakı Fond Birjasında təkrar bazarda ticarətinə başlanılan “PAŞA Bank” səhmlərinin qiymətinin yüksəlməsi və ümumilikdə bazarın inkişafı üçün investorların istifadə edə biləcəyi maliyyə alətləri çoxalmalıdır.
“İndi həmkarlarla da bunu müzakirə edirdik. ABB səhmləri bir alətdir, biz də bu aləti görürük. Bundan sonra növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”, — deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, maliyyə alətlərinin artması investorların bazara marağını gücləndirə bilər.
“Bu alətlər artdıqca, insanların, investorların anlayışı və maliyyə savadlılığı yüksəldikcə, mən inanıram ki, bazarda müəyyən hərəkətlilik olacaq”, — deyə o əlavə edib.
F.Məmmədov Holdinqin digər şirkətləri ilə bağlı planların hələlik maliyyə sahəsinə aid olduğunu bildirib. O, yaxın gələcəkdə beynəlxalq istiqraz buraxılışı ilə bağlı planlarının olmadığını da qeyd edib.
Baş icraçı direktorun sözlərinə görə, Azərbaycan şirkətlərinin xarici bazarlara və xarici birjalara çıxışı strateji baxımdan məqsədəuyğun olardı.
“Bizim çox dəyərli şirkətlərimiz və məhsullarımız var. Onları xarici bazarlarda təmsil etməliyik”, – deyə o vurğulayıb.
F.Məmmədov “Bir ekosistemi”nin mahiyyətinə də toxunub. Onun sözlərinə görə, bu ekosistemin əsas məqsədi müştəri təcrübəsini vahid platformada cəmləşdirərək daha səlis və rahat istifadəni təmin etməkdir.
“Ekosistemin mahiyyətini müştəri tərəfdən, yəni müştəri təcrübəsindən görmək mümkündür. Bu inteqrasiya sadəcə sinergiya deyil. Bu, bir müştəri yoludur. Siz bir tətbiqə daxil olaraq həm maliyyə xidmətləri ala, həm də müxtəlif mal və xidmətlərdən istifadə edə bilərsiniz. Bütün bunlar eyni tətbiqdə, eyni müştəri təcrübəsi çərçivəsində təqdim olunur”, — deyə F.Məmmədov qeyd edib.
O əlavə edib ki, dünyada, o cümlədən Qazaxıstan, Rusiya və Latın Amerikası bazarlarında güclü ekosistem nümunələri mövcuddur və “PAŞA Maliyyə Holdinqi” də bu istiqamətdə inkişaf yolunu seçib.
Müəllif:Aynur Qəniyeva

